Netanyahunun məhkəməsi təxirə salındı
Dünya
İsrailin Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə bu gün keçirilməsi planlaşdırılan məhkəmə iclası ləğv edilib.
News24.az xəbər verir ki, hökumət başçısının vəkili Amit Hadad təhlükəsizlik amillərini əsas gətirərək prosesin təxirə salınması üçün vəsatət qaldırıb. Vəkil müraciətində son iki ay ərzində İranla bağlı yaşanan gərginlik və hücum təhlükəsi səbəbindən Baş nazirin ifadə verməsinin riskli olduğunu bildirib.
Məhkəmə iclasın başlamasına cəmi bir saat qalmış müdafiə tərəfinin bu tələbini qəbul edərək prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb. Qeyd edək ki, Netanyahu ABŞ və İran arasında atəşkəs əldə olunduqdan sonra keçən son iki həftə ərzində də bənzər səbəblərlə məhkəmənin vaxtının dəyişdirilməsinə nail olmuşdu.
Xatırladaq ki, Benyamin Netanyahu “1000”, “2000” və “4000” nömrəli dosyelər üzrə rüşvət alma, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunur. Təxminən altı ildir davam edən məhkəmə çəkişməsində yeni mərhələ 2025-ci ilin noyabrında başlayıb. Əvvəllər əfv istəməyəcəyini qətiyyətlə bəyan edən Netanyahu, noyabrın sonunda İsrail Prezidenti İsaak Hersoqa rəsmi əfv müraciəti ünvanlayıb.
Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın da İsrail dövlət başçısına məktub göndərərək Netanyahunun əfv edilməsi üçün vasitəçilik etdiyi bildirilir. /Yedioth Ahronoth/