Nobel mükafatçısı yenidən həbs edildi

Nobel mükafatçısı yenidən həbs edildi Dünya

2023-cü ilin Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi İranda yenidən həbs edilib. O, illərdir qadınların hüquqları uğrunda mübarizə aparır və dəfələrlə hakimiyyət tərəfindən təqib olunub.

News24.az xəbər verir ki, onun saxlanılması barədə məlumatı tərəfdarları paylaşıb.

Məlumata görə, o, yaxınlarda vəfat edən insan haqları hüquqşünası Xosrov Alikordinin xatirə mərasimində iştirak edərkən tutulub. Alikordi İranda çoxsaylı siyasi məhbusları müdafiə edən tanınmış hüquqşünas idi.

Qeyd edək ki, bu, Məhəmmədinin artıq 14-cü həbsidir. O, 2016-cı ildə ölüm hökmünün ləğvini tələb edən hüquq müdafiə hərəkatına rəhbərlik etdiyinə görə 16 il həbs cəzası alıb. 2024-cü ilin dekabrında ayağından xoşxassəli şiş əməliyyatından sonra tibbi səbəblərlə üçhəftəlik azadlığa buraxılıb, daha sonra bu müddət bir neçə dəfə uzadılıb.

Azadlıqda olduğu müddətdə Məhəmmədi fəaliyyətini davam etdirib və hətta bir dəfə özünün də saxlandığı, işgəncələrlə məşhur olan Tehran həbsxanasının qarşısında aksiya keçirib. “Amnesty International” bildirir ki, o da həmin həbsxanada işgəncələrə məruz qalıb və bir neçə dəfə ürək tutması keçirib.

Nərgiz Məhəmmədi 2023-cü ildə qadınlara qarşı məcburi hicab tələbinə və İranda edam cəzasına qarşı mübarizəsinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Mükafatı onun adından iki övladı qəbul edib.