Ölkədən qaçan Xalq artisti evini 18 milyona satır

Ölkədən qaçan Xalq artisti evini 18 milyona satır Dünya

Rusiya ilə Ukrayna arasında müharibə başladıqdan sonra ailəsi ilə birlikdə ölkəni tərk edən müğənni Alla Puqaçova Kiprin Limassol şəhərinin Neapolis rayonunda yerləşən üçmərtəbəli penthausunu satışa çıxarıb.

News24.az xəbər verir ki, bu barədə Kiprin elit daşınmaz əmlak portalı “One” məlumat yayıb.

Bildirilib ki, 1012 kvadratmetr sahəyə malik olan, altı yataq otağı, beş vanna otağı və şəxsi hovuzu olan lüks mənzil 18 milyon avroya təklif olunur. Lakin əmlak artıq təxminən bir ildir satışda olsa da, alıcı tapılmayıb.

“Komsomolskaya Pravda” nəşrinin yazdığına görə, buna səbəb qlobal iqtisadi böhran fonunda daşınmaz əmlak bazarındakı durğunluqdur.

Qəzetin məlumatına əsasən, Puqaçova və həyat yoldaşı Maksim Qalkinə məxsus penthaus ailənin başqa evə köçməsindən sonra faktiki olaraq boş qalıb. Neapolis sakinləri isə bildirirlər ki, müğənnini Limassolda görmək demək olar ki, mümkün deyil.

Cütlük və uşaqları 2023-cü ilin payızında İsraildən Kiprə köçüb. Hazırda ailənin Bolqarıstana köçməsi ilə bağlı da şayiələr yayılıb. Bildirilir ki, buna səbəb həmin ölkədə yaşayış xərclərinin və daşınmaz əmlakın saxlanma dəyərinin daha aşağı olmasıdır. Məlumata görə, Puqaçova Sofiya yaxınlığında elit, lakin sakit yaşayış məntəqəsində ev alıb və bu əmlak üçün bir neçə on milyon rubl ödəyib.