Orqanlarını satanları hansı cəza gözləyir? - Hüquqşünas AÇIQLADI
Dünya
Son zamanlar sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxaran vətəndaşlarla bağlı informasiyalar yayılır. İnsanlar ehtiyac ucbatından orqanlarını satışa çıxarırlar.
Bildiyimiz kimi donorların satışa çıxarılması cinayətdir. Bəs bu hallar necə tənzimlənməlidir?
Donorların satışı ilə bağlı News24.az-a açıqlama verən hüquqşünas Tural Həsənli bildirib ki, insan sağlığında və yaxud ölümündən sonra könüllü şəkildə orqanını bağışlaya bilər, lakin bunun qarşılığında pul qəbul etməsi cinayətdir.
"Cinayət faktın təsdiqləndiyi təqdirdə aşağıdakı müddəalar həyata keçirilir. Cinayət Məcəlləsinin 137-ci maddəsinə görə, İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi on min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə iki ilədək müddətə islah işləri və dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Əslində, orqanı könüllü hədiyyə etmək olar. Onu satışa çıxarmaq cinayətdir”- deyə, hüquqşünas fikirlərin sonlandırıb.
Ülkər ABDURAHMANLI