Şoyqudan Paşinyana: "Sistem bir anda tamamilə dağıla bilər"
Dünya
Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi kifayət qədər düşünülməmiş qərardır və ağır nəticələrə gətirib çıxara bilər.
News24.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Mən digər dövlətlərin dəmir yolu təsərrüfatını idarə etmək sahəsində səriştəsini qiymətləndirməyəcəyəm, lakin əminliklə deyə bilərəm ki, çətin şəraitdə Ermənistanda uzun müddətdir səmərəli fəaliyyət göstərən Rusiya daşıyıcısını hər hansı başqa şirkətin tam şəkildə əvəz edə bilməsi çətin görünür”, – deyə o qeyd edib.
Şoyqu xatırladıb ki, artıq təxminən 20 ildir “Cənubi Qafqaz Dəmir Yolu” QSC “Rusiya Dəmir Yolları” ASC-nin törəmə qurumu konsessiya müqaviləsinin şərtlərini yerinə yetirir. Onun sözlərinə görə, bu müddət ərzində Rusiya investisiyalarının həcmi 30 milyard rubldan çox olub, Ermənistan büdcəsinə isə 15 milyard rubldan artıq vergi ödənilib.
“İndi Nikol Paşinyan deyir ki, Ermənistan dəmir yollarının Rusiya şirkətinin konsessiyasında olması potensial tərəfdaşları çəkindirir, regional layihələrə mane olur və o, idarəetmənin həm Rusiyaya, həm də Ermənistana dost olan bir ölkəyə verilməsi barədə düşünür”, – deyə Şoyqu vurğulayıb.
Şoyqu əlavə edib ki, təxminən iyirmi il ərzində formalaşmış sistem bir anda tamamilə dağıla bilər.
“Buna görə heç bir dost ölkə təbii ki, məsuliyyət daşımayacaq. Ümid edirəm ki, məsuliyyətli qərarlar qəbul edilərkən Ermənistan rəhbərliyi yalnız öz vətəndaşlarının maraqlarından çıxış edəcək”, – deyə o bildirib.