Pələnglər 11 nəfəri öldürdü
Dünya
Hindistanın Tadoba-Andhari qoruğunda pələnglər 17 gün ərzində Çandrapur bölgəsinin 11 sakininə hücum edərək onları parçalayıb.
News24.az xəbər verir ki, bu barədə "The Free Press Journal" qəzeti məlumat yayıb.
Sonuncu hadisə 27 may tarixində baş verib. 45 yaşlı Nanda Sandjay Makalvar həyat yoldaşı və Çiroli kəndinin digər sakinləri ilə birlikdə meşədə bambuk toplayarkən pələngin hücumuna məruz qalaraq faciəvi şəkildə ölüb.
Həmin ərazidə mal-qaraya nəzarət edən 52 yaşlı Sureş Sopanqar da həmin gün həyatını itirib.
Hindistanda vəhşi heyvanların insanlara hücum halları son aylarda kəskin şəkildə artıb. Hazırda yerli hakimiyyət orqanlarının bu problemin həlli üçün hansı tədbirlər görəcəyi məlum deyil.
Daha əvvəl Mana Kabra kəndində dörd yaşlı oğlan uşağı bəbir tərəfindən öldürülüb. Uşağın cəsədi evdən təxminən 200 metr aralıda, boğazında dərin yaralarla tapılıb.
5 may tarixində isə Hindistanın Vanarvadi kəndində ot biçən 20 yaşlı qız bəbirin hücumu nəticəsində həyatını itirib. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, qan itirdiyinə görə həyatını xilas etmək mümkün olmayıb.
Teymur Məmmədov