Pəhləvi ABŞ müdaxiləsini humanitar zərurət kimi qiymətləndirdi
Dünya
ABŞ-nin İranın daxili işlərinə mümkün müdaxiləsi ölkədə etirazların yatırılması fonunda humanitar xarakterli aksiya kimi qiymətləndirilə bilər.
News24.az xəbər verir ki, bu fikirləri 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi "Fox News" kanalına müsahibəsi zamanı səsləndirib.
“Buna görə müdaxilə zəruridir. Çünki bu gün həm ölkə daxilində, həm də xaricdə yaşayan iranlıların əsas istəyi yardım çağırışıdır. Bu, insan həyatını xilas etməyə yönəlmiş humanitar müdaxilədir”, - deyə Pəhləvi bildirib.
O, ABŞ Prezidenti Donald Trampın belə bir müdaxilənin zəruriliyini anladığına və bunun arzuolunmaz rejimə son qoymağa kömək edə biləcəyinə ümid etdiyini də qeyd edib.
Bundan əvvəl Pəhləvi İranın islahatı ilə bağlı proqramını təqdim etdiyi müraciətlə çıxış edib. Onun sözlərinə görə, İranın nüvə proqramı dayandırılacaq, terrorçu qruplaşmaların maliyyələşdirilməsinə son qoyulacaq. Tehran terrorizmə, mütəşəkkil cinayətkarlığa və İslamın radikal cərəyanlarına qarşı mübarizədə tərəfdaşlarla əməkdaşlıq edəcək.
O, həmçinin ABŞ ilə diplomatik münasibətlərin bərpa ediləcəyini və İsrailin tanınacağını vəd edib. Pəhləvi bunu qarşılıqlı tanınma, suverenlik və milli maraqlara əsaslanan yeni tarixi mərhələ kimi qiymətləndirib.