Pul almaq üçün ölən bacısının sümüklərini banka gətirdi - Video
Dünya
Hindistanda qeyri-adi hadisə baş verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı Citu Munda vəfat etmiş bacısının ölümünü sübut etmək üçün onun qalıqlarını bank şöbəsinə aparıb.
Polisin məlumatına görə, kişi yanvarın 26-da vəfat edən bacısı Klara Mundanın hesabından təxminən 20 min rupi çıxarmaq üçün bir neçə dəfə banka müraciət edib. Onun sözlərinə görə, bank əməkdaşları hər dəfə hesab sahibinin şəxsən gəlməsini tələb ediblər.
Citu bildirib ki, dəfələrlə bacısının öldüyünü izah etsə də, ona inanmayıblar. Nəticədə çıxış yolu tapa bilməyərək, bu tələbi yerinə yetirməyə qərar verib. O, bacısının məzarını qazaraq qalıqları banka gətirib.
Kişi skeletlə banka daxil olduqda əməkdaşlar arasında panika yaranıb. Yerli medianın məlumatına görə, bank işçiləri otaqlardan birinə sığınaraq polisə müraciət ediblər.
Citu daha sonra jurnalistlərə açıqlamasında heç kimə zərər vermək niyyətində olmadığını, sadəcə ailəsinə məxsus vəsaiti əldə etmək istədiyini deyib.
Yerli polis hadisənin cinayət niyyəti daşımadığını, bunun faciəvi anlaşılmazlıq olduğunu bildirib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi vəfat etmiş qohumun hesabına çıxış üçün rəsmi prosedurları bilməyib.
Polis şöbəsinin rəhbəri qeyd edib ki, bank əməkdaşları müştəriyə ölüm halından sonra vəsaitin necə əldə olunacağını düzgün izah etməyib və bu da belə qeyri-adi vəziyyətə səbəb olub.
Hadisədən sonra polis kişiyə lazımi sənədlərin rəsmiləşdirilməsində və mərhum bacısının hesabındakı vəsaitə qanuni çıxış əldə etməsində kömək ediləcəyini bildirib.