Putin:"Hələ də müstəmləkəçilik arzusu ilə yaşayan dövlətlər var"
Dünya
“Dünyada hələ də müstəmləkəçilik arzusu ilə yaşayan dövlətlər var”.
News24.az-ın məlumatına görə, bunu Rusiya-Afrika sammitində adı çəkilən ölkənin prezidenti Vladimir Putin bildirib.
O deyib ki, bu faktor özünü daha çox iqtisadi, humanitar və informasiya sahələrində göstərir.
Afrikada milli və etnik zəmində cərəyan edən münaqişələrə toxunan Kreml rəhbəri ölkəsinin adı çəkilən regionla iqtisadi, humanitar, o cümlədən hərbi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
Rusiya lideri qeyd edib ki, ölkəsi Afrika regionundan gələn təşəbbüslərə diqqətlə yanaşır.
Putin həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa da toxunub. Qeyd edib ki, ölkəsinə tətbiq olunan sanksiyalar əməkdaşlığın dərinləşməsinə maneə yaradır. Rusiya prezidenti region ölkələrinin Ukrayna məsələsinin həlli istiqamətindəki təşəbbüslərinə də toxunub:
“2022-ci ildə regiona Rusiyadan 11,5 milyon ton buğda göndərilib. Bu ilin 6 ayı ərzində isə həmin göstərici 10 milyon tona çatıb. Təəssüf ki, sanksiyalar səbəbindən qida məhsullarının region ölkələrinə çatdırılmasında ciddi problemlər yaranıb. Lakin biz səylərimizi davam etdiririk. Təəssüf ki, əvvəllər istənilən münaqişənin həllində inhisarçılıq hökm sürürdü. Bu amilin güclənməsi özlərini demokratik adlandıran dövlətlərin sayəsində baş vermişdi. İndi isə belə deyil”.
Fərid Azəri