Qədim mağaralarda müəmmalı səslər: Sakinlər bölgəni tərk edirlər
Dünya
Malatyanın Yazıhan rayonundakı Buzluk məhəlləsindəki qədim Ansır mağaralarında qeyri-adi hadisələr yaşanır.
News24.az xəbər verir ki, 2023-cü ilin 6 fevralında baş vermiş zəlzələdən sonra mağaralarda nəhəng qaya parçalarının qopması, eləcə də zaman-zaman eşidilən müəmmalı səslər yerli əhalini ciddi narahat edir.
Het və Roma dövrlərinin izlərini daşıyan bu mağaralar uzun illərdir bölgənin ən maraqlı tarixi məkanlarından biri sayılır. Lakin zəlzələdən sonra qopan iri qayalar mağaralara aparan yolu bağlayıb və ərazidə uçqunların hələ də davam etdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, əvvəllər turist axını olan bu yer indi qorxu nöqtəsinə çevrilib. Onlar mağaralardan gələn səsləri “sirli” və “təhlükəli” adlandırır, bölgəyə yaxınlaşmaqdan çəkinirlər.
“Zəlzələdə sanki qiyaməti yaşadıq. Qayalar qopub evlərimizin yanına qədər yuvarlandı, yollar bağlandı. İndi də hərdən sanki dağın içindən səslər gəlir. Artıq ora getməyə qorxuruq”, - deyə sakinlərdən biri deyib.