Qəzaya uğrayan təyyarə yarım əsrdən artıq istismar edilib

Qəzaya uğrayan təyyarə yarım əsrdən artıq istismar edilib Dünya

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində Türkiyəyə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğrayıb.

News24.az “Sözcü”-yə istinadən xəbər verir ki, hərbi-nəqliyyat təyyarəsi C130 “Hercules” yarım əsrdən artıq müddətdə istismarda olub.

Təyyarə 1968-ci ildə istehsal edilib və əvvəlcə Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində xidmət göstərib.

2010-cu ildə isə Türkiyə Silahlı Qüvvələri tərəfindən alınıb və Kayseridəki 12-ci aviabazanın tərkibinə daxil edilib.

Təyyarə burada 222-ci “Kərgədan” eskadrilyasının tərkibində olub.Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, C130 təyyarəsi Gəncədən havaya qalxaraq Türkiyənin Merzifon şəhərinə istiqamətlənib.

Təyyarədə Azərbaycanın Zəfər Günü tədbirlərində iştirak edən hərbçilər olub. Uçuşdan təxminən yarım saat sonra təyyarə hündürlüyünü itirərək Gürcüstan sərhədindəki dağlıq ərazidə havada parçalanıb.

“Lockheed C130” “Hercules” tipli təyyarələr 1960-cı illərdən bəri Türkiyə ordusunun silahlanmasındadır və öz sinfində ən etibarlılardan hesab olunur.

Lakin bəzi təyyarələrin yaşı artıq 50–60 ilə çatır. Oktyabr ayında Türkiyə Müdafiə Nazirliyi bu təyyarələrin yeni nəsil C130J “Super Hercules” modelləri ilə əvəzlənəcəyini və onların yaxın illərdə tədarükünə başlanacağını elan edib.

Qəzaya uğrayan təyyarənin bütün fraqmentləri artıq texniki ekspertiza üçün toplanıb. Hadisənin səbəbləri hələ açıqlanmayıb.