Romada etiraz aksiyası başladı - Taksi sürücüləri ayağa qalxdı

Romada etiraz aksiyası başladı - Taksi sürücüləri ayağa qalxdı Dünya

İtaliyada taksi sürücüləri yanacağın qiymətinin artması və bunun işlərinin rentabelliyinə mənfi təsir göstərməsi ilə əlaqədar Romada etiraz aksiyası keçirirlər.

News24.az xəbər verir ki, aksiya İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin qarşısında təşkil olunub.

Aksiyada təxminən 100 nəfər iştirak edir.

Təşkilatçılar yanacağın bahalaşması və sürücülərin gəlirlərinin azalmasını əsas gətirərək hakimiyyətdən sahəyə dəstək tədbirləri görməyi tələb edirlər.

Həmkarlar ittifaqlarının nümayəndələri taksi sürücülərinin tələblərini əks etdirən sənədi nazirliyə təqdim etmək niyyətindədirlər.

Həmkarlar ittifaqının nümayəndəsi Roberto Massolo bildirib ki, onlar dəfələrlə dialoqa başlamağı və danışıqlar üçün platforma yaratmağı təklif etsələr də, buna nail ola bilməyiblər.

Massolonun sözlərinə görə, yanacağın bahalaşmasının nəticələri uzun müddət hiss olunacaq və buna görə də hakimiyyət indidən tədbirlər görməlidir.

“Taksi sürücüsü kimi 40 illik təcrübəmə əsasən bilirəm ki, belə vəziyyətlər uzun müddət davam edir və insanların yoxsullaşmasına səbəb olur. Xəstəni müalicə etməli olduğumuz anı gözləməkdənsə, qabaqlayıcı tədbirlər görmək lazımdır”, – deyə o bildirib.