Rusiya Böyük Britaniyanın iddialarına cavab verdi: “Dialoq davam etmədi”
Dünya
Kremlin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin bu ilin əvvəlində Rusiya ilə əlaqə saxladığına dair məlumatı təsdiqləyib.
News24.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında belə bir təmasın baş verdiyini, lakin dialoqun davam etmədiyini bildirib.
Onun sözlərinə görə, əlaqə Pauell tərəfindən Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov vasitəsilə yaradılıb. “Financial Times” qəzetinin iddiasına görə, Pauell 2025-ci ilin əvvəlində Rusiya ilə qeyri-rəsmi diplomatik kanal qurmağa cəhd edib.
“Belə bir əlaqə var idi, amma dialoq davam etmədi. Problem ondadır ki, qarşı tərəf Avropanın mövqeyini izah etmək istəyirdi, lakin bizim mövqeyimizi dinləmək niyyətində deyildi. Bu səbəbdən fikir mübadiləsi mümkün olmadı və danışıqlar davam etmədi", - deyə Peskov bildirib.
Qeyd edək ki, Pauell 1997–2007-ci illərdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Blerin komandasında çalışıb və bir sıra beynəlxalq vasitəçilik missiyalarında iştirak edib. Britaniya mediası onun Moskva ilə bu təmas cəhdini Qərb-Rusiya münasibətlərində mümkün diplomatik yumşalma addımı kimi qiymətləndirib.