"Xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm" - Paşinyan

"Xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm" - Paşinyan Dünya

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib.

News24.az xəbər verir ki, Paşinyan, Konstitusiyanın xalq tərəfindən rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul edərsə, növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

“Bütün müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm. Əgər xalq Konstitusiyaya ‘hə’ desə, növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağam”, – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, bu təklifini bir gün əvvəl parlamentdə qismən səsləndirib, indi isə mövqeyini daha aydın şəkildə ifadə etmək istəyib.

Yeni Konstitusiyanın hazırlanmasından danışan Paşinyan ilkin layihənin gələn həftə dərc olunacağını bildirib.

Onun sözlərinə görə, sənəd yenidən işlənməlidir, lakin hökumətin əsas ideoloji çərçivələrindən kənara çıxmamalıdır.

“Konstitusiya layihəsi, şübhəsiz ki, dəyişdirilməlidir, lakin ‘Real Ermənistan’ ideologiyasının çərçivələrindən kənara çıxa bilməz”, – baş nazir vurğulayıb.