"Rusiya ilə boşanmaq və uşaqları bölmək fikrimiz yoxdur" - Simonyan
Dünya
“Bizim Rusiya Federasiyası ilə boşanmaq kimi məqsədimiz yoxdur və uşaqları bölmək fikrimiz də yoxdur. Biz onlara lazım deyilik? Onda niyə bu qədər təşvişə düşüblər?”
News24.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın Ermənistan üçün rolu ilə bağlı rus rəsmilərinin bəyanatlarını şərh edərkən deyib.
“Deyirlər ki, biz onlara lazım deyilik, amma harda otursalar, mütləq belə danışırlar: “Rusiyada Ermənistandakından daha çox erməni yaşayır”, “Rusiya olmasaydı, Ermənistan ümumiyyətlə dövlət kimi mövcud olmazdı”. Əgər biz sizə bu qədər lazım deyiliksə, onda indi ümumiyyətlə nəyi müzakirə edirik?”, — deyə Simonyan bildirib.
Moskva ilə İrəvan arasında mövcud mübahisələrin siyasi prosesin bir hissəsi olduğunu bildirən Simonyan jurnalistlərə “bir stəkan suda fırtına qoparmamağı” tövsiyə edib.
“Bu siyasətdir. Onlar öz mövqelərini bildirəcəklər, biz də öz mövqeyimizi. Sonra oturub hər şeyi müzakirə edəcəyik, danışacağıq. Nəyisə onlar təklif edəcək, nəyisə biz. Bu siyasətdir, nikah və boşanma deyil. Biz aliment tələb etməyə və uşaqları bölməyə hazırlaşmırıq. Ümumiyyətlə, biz belə söhbətlərin əleyhinəyik”, — deyə o qeyd edib.