Rusiya-Ukrayna birbaşa görüşləri İstanbulda keçirilə bilər – Ərdoğan

Rusiya-Ukrayna birbaşa görüşləri İstanbulda keçirilə bilər – Ərdoğan Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna məsələsi ilə bağlı keçirilən İstəklilər Koalisiyası Liderlərin Zirvə Görüşündə iştirak edib.

News24.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkədə hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Ukrayna-Rusiya müharibəsinin gedişatı, münaqişənin dayandırılması üçün atılacaq diplomatik addımlar və davam edən sülh təşəbbüsləri müzakirə olunub.

Duranın sözlərinə görə, Ərdoğan tərəflər arasında görüşlərin İstanbulda keçirilə biləcəyini bildirib və bununla bağlı həm Kiyev, həm də Moskva ilə təmasda olduqlarını qeyd edib.

Görüş zamanı Türkiyə tərəfindən enerji və liman infrastrukturlarını əhatə edən mümkün bir atəşkəs mexanizminin, gələcəkdə geniş sülh anlaşması üzrə danışıqlar üçün əlverişli mühit yarada biləcəyi də səsləndirilib.

35 ölkədən nümayəndələrin qatıldığı toplantıda iştirakçılar uzunmüddətli sülhə nail olmaq üçün atılmalı addımlar barədə fikir mübadiləsi aparıblar.

Onlayn görüş zamanı Prezident Ərdoğanın yanında vitse-prezident Cevdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, Kommunikasiya rəhbəri Burhanəddin Duran, Prezidentin xarici siyasət üzrə baş məsləhətçisi Akif Çağatay Kılıç, Təhlükəsizlik və Xarici Siyasət Şurası sədr müavini Çağrı Erhan və AKP sözçüsü Ömər Çelik də iştirak ediblər.