Şahzadə Diananın şəxsi dizayneri vəfat etdi

Şahzadə Diananın şəxsi dizayneri vəfat etdi Dünya

İrlandiyalı moda dizayneri, mərhum Şahzadə Diananın şəxsi stilisti və “London Fashion Week”in dörd onillikdir davam edən sabit iştirakçısı Pol Kostello 80 yaşında vəfat edib.

News24.az Reuters”ə istinadla xəbər verir ki, bu barədə dizaynerin ailəsi açıqlama yayıb.

Ailənin verdiyi məlumata görə, Kostello Londonda qısa müddətli xəstəlikdən sonra həyat yoldaşı və yeddi övladının əhatəsində sakit şəkildə dünyasını dəyişib. Dizaynerin nümayəndəsi mətbuatın sorğularına cavab verməyib.

Kostello 1945-ci ildə Dublində doğulub, təhsilini burada aldıqdan sonra Parisin məşhur “Chambre Syndicale de la Haute Couture” institutunda, daha sonra isə Milanın lüks mağazası “La Rinascente” üçün dizayner kimi fəaliyyət göstərib.

Kostello 1983-cü ildə, öz brendini – “Paul Costelloe Collections” – yaratdıqdan qısa müddət sonra Diananın şəxsi dizayneri təyin olunub. Onların əməkdaşlığı 1997-ci ildə Diananın Parisdə avtomobil qəzasında həlak olmasına qədər davam edib.

Onun kolleksiyalarına bu gün qadın geyimi, kişi geyimi, çantalar, ev aksesuarları və zinət əşyaları daxildir.