Seutada vəziyyət kritik olaraq qalır – miqrant axını davam edir
Dünya
İspaniyanın Şimali Afrikadakı Seuta şəhərinə qanunsuz yollarla keçən təxminən 50 min qeyri-qanuni miqrantın yarıdan çoxu Mərakeşə geri qayıdıb.
News24.az xəbər verir ki, EFE agentliyinin məlumatına görə, Mərakeşdən İspaniyaya məxsus Seuta şəhərinə keçən qeyri-qanuni miqrantların geri dönüşü davam edir.
İspaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, bu gün səhər saatlarından 13:30-dək 25 mindən çox miqrant Seutanı tərk edərək Mərakeşə qayıdıb.
Əsasən gənc kişilərdən ibarət minlərlə miqrant İspaniyada qanuni status əldə etmələrinin mümkün olmadığını başa düşdükdən sonra gecəni Seutada açıq havada keçirib və cümə günü geri dönməyə başlayıb.
Bununla yanaşı, Mərakeş təhlükəsizlik qüvvələrinin maneəsinə baxmayaraq, kiçik qruplar halında miqrantların Fenidek sahili boyunca dalğaqıranı keçərək və ya üzərək Seutaya daxil olmağa cəhdləri davam edir.
Polis sərhədə yaxın təpələrdə toplaşan gəncləri gözyaşardıcı qaz və su şırnağından istifadə etməklə dağıtmağa çalışır.
Gecə ərzində daş atılması və avtomobillərin yandırılması səbəbindən sərhəd bölgəsi nəqliyyatın hərəkəti üçün bağlanıb və hazırda da bağlı qalır.
Fenidek şəhəri isə səhəri küçələri zibil və qarışıqlıq içində açıb. Yüzlərlə insan gecəni küçələrdə keçirib, mağazaların əksəriyyəti fəaliyyət göstərməyib.
Xatırladaq ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən Seutaya üzərək keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrantın qarşısı alınmışdı.
İspaniyanın Baş naziri Pedro Sançes hökumətin bütün resurslarının səfərbər edildiyini bildirmişdi. Miqrant axınının artması fonunda Madrid hökuməti Seutada təhlükəsizliyi gücləndirmək üçün silahlı qüvvələri bölgəyə yerləşdirmək qərarı vermişdi.