Süni intellekt kimlərin maaşını aşağı salacaq? – Araşdırma
Dünya
Süni intellektdən istifadənin xüsusilə ali təhsili və iş təcrübəsi az olan gənc mütəxəssislərin maaşlarının azalmasına səbəb ola biləcəyi açıqlanıb.
News24.az xəbər verir ki, bu nəticə Almaniyanın İqtisadi Araşdırmalar İnstitutunun süni intellektdən artıq istifadə edən təxminən 3 min şirkət arasında keçirdiyi sorğudan sonra əldə olunub.
Sorğuda iştirak edən şirkətlərin 48,3 faizi hesab edir ki, yaxın beş il ərzində iş təcrübəsi 5 ildən az olan və ali və ya peşə təhsili olmayan əməkdaşların maaşları süni intellektin tətbiqi səbəbindən azala bilər. Şirkətlərin yalnız 5,9 faizi bu qrup əməkdaşların gəlirlərinin artacağını gözləyir.
Risklər ən çox xidmət sektorunda müşahidə olunur. Bu sahədə şirkətlərin 53,3 faizi süni intellektin peşə təhsili olmayan gənc əməkdaşların maaşlarının azalmasına səbəb ola biləcəyini düşünür. Ticarət sektorunda bu fikirdə olanların payı 47,9 faiz, sənayedə isə 46,5 faizdir.
Ali təhsilli, lakin iş təcrübəsi az olan mütəxəssislər də dəyişikliklərdən sığortalanmayıb. Şirkətlərin 50,8 faizi bu kateqoriyaya daxil olan əməkdaşların maaşlarının azala biləcəyini düşünür.
Bununla belə, təcrübəli və ali təhsilli mütəxəssislər üçün vəziyyət daha müsbət görünür. Şirkətlərin 26 faizi süni intellektin tətbiqi nəticəsində onların gəlirlərinin arta biləcəyini hesab edir. (Bild)