Ukrayna ilə bağlı sülh planında dəyişiklik: 9 maddə çıxarıldı
Dünya
ABŞ-nin Ukrayna üzrə 28 maddəlik sülh planına qarşı Avropanın irəli sürdüyü əks-təklif tamamilə konstruktivlikdən uzaqdır və Moskva üçün yararsızdır.
News24.az xəbər verir ki, bunu Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov deyib.
O bildirib ki, ötən həftə ABŞ tərəfindən təqdim edilən planın bəzi hissələri Rusiya üçün daha uyğun görünür, baxmayaraq ki, bir sıra məsələlər əlavə müzakirə tələb edir.
“Hamısı yox, amma bu planının bir çox müddəaları bizə tamamilə qəbuledilən görünür”, – Uşakov Moskvada jurnalistlərə deyib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksandr Bevzin açıqlamasına görə isə, sülh planı 28 bənddən 19-a endirilib. Hansı bəndlərin plandan çıxarıldığı açıqlanmayıb.
Qeyd edək ki, ABŞ-nin təklif etdiyi sülh planı Ukraynada və Avropa müttəfiqləri arasında ciddi narahatlıq yaradıb, çünki həmin planın NATO, ərazi və sülh razılaşmasının ardıcıllığı ilə bağlı Rusiyanın əsas tələblərini qismən qəbul etdiyi iddia olunur. Avropa ölkələrinin hazırladığı əks-plan isə həmin maddələrin mənasını və əhəmiyyətini əhəmiyyətli dərəcədə dəyişir.