Tarixi Azərbaycan şəhəri bu ölkənin paytaxtı olacaq? Bu ərazilərin adı çəkildi
Dünya
İran Prezidenti Məsud Pezeşkianın ölkədəki ekoloji problemlər səbəbindən paytaxtın Tehrandan köçürülməsinin qaçılmaz olduğunu bildirməsi regionda geniş müzakirələrə yol açıb. O, xüsusilə Tehranda dərinləşən quraqlığın və şəhərin daşıma qabiliyyətini aşan problemlərin vəziyyəti daha da ağırlaşdırdığını vurğulayıb. Bu açıqlamadan sonra diqqətlər təbii olaraq İranın digər böyük və strateji əhəmiyyətli şəhərlərinə yönəlib.
Bu kontekstdə belə bir sual ortaya çıxır: Paytaxtın Güney Azərbaycanın əsas mərkəzlərindən olan Ərdəbil, Həmədan və ya Təbriz kimi şəhərlərə köçürülməsi nə dərəcədə realdır?
Məsələ ilə bağlı News24.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, İranda su çatışmazlığı, dərinləşən quraqlıq və ekoloji tükənmə prosesləri artıq ölkənin strateji qərarlar verməsini zəruri edir.
Politoloqun sözlərinə görə, paytaxtın köçürülməsi ilə bağlı bir neçə coğrafi alternativ nəzərdən keçirilsə də, hər bir variantın arxasında ciddi təhlükəsizlik, iqtisadi və geosiyasi amillər dayanır:
"İran daxilində bir sıra şəhərlər müzakirə olunur. Təkliflər arasında Cənubi Azərbaycan ərazisindəki böyük şəhərlərin, həmçinin Fars körfəzinə yaxın məntəqələrin adı çəkilir. Lakin bu variantların hər biri müəyyən risklər yaradır. Etnik Azərbaycan türklərinin sıx yaşadığı ərazilərdə, xüsusilə Təbriz, Ərdəbil, Həmədan və digər bölgələrdə paytaxtın yerləşdirilməsi Tehran üçün ideoloji və siyasi baxımdan münasib deyil. Çünki mövcud sistem etnik balans və daxili idarəetmə baxımından belə bir addıma hazır görünmür. Digər tərəfdən, Körfəzə yaxın ərazilər təhlükəsizlik baxımından daha həssas olduğuna görə, Tehran üçün strateji risk hesab olunur".
İlyas Hüseynov əlavə edib ki, paytaxtın köçürülməsi yalnız ekoloji zərurət deyil, həm də böyük maliyyə, infrastruktur və təhlükəsizlik xərcləri tələb edən nəhəng bir layihədir:
"İranın quraqlıq və su təminatı problemi son dərəcə kritik həddə çatıb. Lakin bu problemin həlli təkcə paytaxtın başqa yerə köçürülməsi ilə mümkün deyil. Bunun üçün ölkənin dövlət idarəetməsində, regional siyasətində və resursların bölüşdürülməsində sistemli dəyişikliklərə ehtiyac var. Əks halda paytaxtın harada yerləşməsindən asılı olmayaraq, İran su böhranının təsirlərindən qurtula bilməyəcək".