Taxtabitilər qatarı ələ keçirdi, səfərlər ləğv oldu
Dünya
Britaniyanın London ilə Kent arasında reyslər həyata keçirən “Southeastern” dəmir yolu operatoru taxtabiti səbəbindən səfərlərin bir neçəsini ləğv edib.
News24.az xəbər verir ki, maşinistlər iş yerlərində və şəxsi əşyalarında həşəratlar aşkar etdikdən sonra kabinəyə daxil olmaqdan imtina ediblər.
Onlardan biri bütün bədəni örtən xüsusi qoruyucu kostyum istəyib, lakin belə kostyum tapılmayıb. Nəticədə iki reys ləğv edilib.
Qatarlardan birinə həşəratların aşkar edilməsinə baxmayaraq sərnişin daşımalarını davam etdirdiyi üçün “Taxtabiti Ekspresi” ləqəbi verilib.
Dispetçerlər problemdən xəbərsiz olduqları üçün taxtabitilərlə yoluxmuş qatarı xəttə buraxıblar. Bununla belə, taxtabitilərin sərnişinlər üçün nəzərdə tutulan bölmələrdə aşkar edilmədiyi bildirilir.
Depoda zərərvericilərlə mübarizə üzrə mütəxəssislər çalışır. Lakin taxtabitilərdən tamamilə xilas olmaq həm bahalı, həm də uzunmüddətli prosesdir.