"Tehran ABŞ və İsraili rahat buraxmayacaq"
Dünya
İranın yeni ali lideri Müctəba Xamenei Fars körfəzi ölkələrinə müraciət edərək onlardan mövqelərini müəyyənləşdirməyi və düzgün tərəfi seçməyi tələb edib.
News24.az xəbər verir ki, onun bu barədə bəyanatını İran agentlikləri yayıb.
Xamenei atasının vəfatından 40 gün sonra İran xalqına müraciət edib.
“Biz müharibə axtarmamışıq və axtarmırıq, lakin heç bir halda qanuni hüquqlarımızdan imtina etməyəcəyik. Bütün müqavimət cəbhəsi ilə birlikdə hərəkət edəcəyik", — deyə İranın ali liderinin bəyanatında qeyd edilib.
O, ölkənin cənub qonşularını düzgün tərəfi seçməyə və şeytani qüvvələrin yalan vədlərinə aldanmamağa çağırıb.
Onun sözlərinə görə, İran həmçinin Hörmüz boğazı üzərində nəzarətdə yeni mərhələyə keçməyi planlaşdırır.
Xamenei xəbərdarlıq edib ki, Tehran ABŞ və İsraili rahat buraxmayacaq və İslam Respublikasına vurulan ziyana görə mütləq təzminat alınmasına nail olacaq.
Bundan əlavə, o, İran xalqını qəhrəman adlandıraraq bildirib ki, iranlılar ABŞ və İsraillə münaqişədə qəti qələbə qazanan tərəf olublar.