Təyyarə qəzasında həlak olan liviyalı hərbi heyətin yaxınları Türkiyəyə gəldi
Dünya
Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler qəzaya uğramış təyyarədə həlak olan Liviya hərbi heyətinin nəşlərini təhvil almaq üçün Ankaraya gələn nümayəndə heyətinə başsağlığı verib.
News24.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabında yayımlanan paylaşımda nəşləri aparmaq üçün Liviyadan hərbi rəsmilərin və həlak olanların ailə üzvlərinin Türkiyəyə gəldiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, nazir Yaşar Güler və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu Liviyadan gələn nümayəndələri və ailə üzvlərini ziyarət ediblər.
Bildirilib ki, Nazir Yaşar Güler və ordu generalı Səlcuq Bayraktaroğlu baş verən faciəli qəza ilə bağlı dərin üzüntülərini ifadə edərək həm ailələrə, həm də dost və qardaş Liviya xalqına başsağlığı veriblər. Həlak olan Liviya hərbi heyətinin xatirəsinə Qurani-Kərim oxunub, dualar edilib.
Xatırladaq ki, ötən gün Tripoli istiqamətində uçan təyyarə Ankarada havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Liviya Baş Qərargah rəisi də olmaqla, 4 nəfər həlak olub.