Tramp iki həftəlik atəşkəsə razılıq verdi
Dünya
ABŞ prezidenti Donald Tramp bildirib ki, İran tərəfindən Hörmüz boğazı tam, dərhal və təhlükəsiz şəkildə açılacağı təqdirdə, ABŞ iki həftəlik bombardman və hücumları dayandırmağa hazırdır.
News24.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, bu qərar Pakistanın baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir ilə apardığı danışıqlardan sonra qəbul olunub.
Onlar Trampı İrana qarşı planlaşdırılan dağıdıcı gücdən istifadə etməməyə çağırıblar.
ABŞ lideri qeyd edib ki, söhbət qarşılıqlı atəşkəsdən gedir.
O həmçinin iddia edib ki, ABŞ artıq qarşıya qoyulan bütün hərbi məqsədləri yerinə yetirib və hətta onları üstələyib. Eləcə də İran və Yaxın Şərq üzrə uzunmüddətli sülh razılaşmasının hazırlanmasında ciddi irəliləyiş əldə olunub.
Trampın sözlərinə görə, ABŞ İrandan 10 maddəlik təklif alıb və bunu danışıqlar üçün mümkün əsas kimi nəzərdən keçirir. Onun iddiasına görə, əvvəlki mübahisəli məsələlərin əksəriyyəti üzrə razılıq əldə olunub və iki həftəlik müddət yekun razılaşmanın hazırlanması üçün lazımdır.
“ABŞ prezidenti kimi və Yaxın Şərq ölkələrini təmsil edərək deyə bilərəm ki, bu uzunmüddətli problem artıq yekun həllə çox yaxındır”, – deyə o vurğulayıb.