Tramp Venesueladakı əməliyyatın məqsədini açıqladı
Dünya
ABŞ Prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyatın aparılmasının məqsədlərindən birinin dünya üzrə neft qiymətlərini aşağı salmaq olduğunu bildirib.
News24.az xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına verdiyi müsahibədə açıqlayıb.
Amerika lideri qeyd edib ki, bundan sonra Venesuelada iri neft şirkətləri fəaliyyət göstərəcək. Siyasətçinin sözlərinə görə, bu şirkətlər böyük gəlir əldə edəcək və həmin vəsaitin bir hissəsi Venesuela Bolivar Respublikası, bir hissəsi isə ABŞ tərəfindən götürüləcək.
Tramp ABŞ-nin Venesuelada etdiklərinin regiona sabitlik gətirdiyini deyib.
“Biz sabitlik gətirdik və neft qiymətlərini xeyli aşağı saldıq. Bilirsiniz, indi bir çox hallarda bizdə benzinin qiyməti bir qallon (3,79 litr) üçün 1,99 dollardır”, — deyə ABŞ prezidenti bildirib.
O əlavə edib ki, sələfi Co Baydenin dövründə benzin qiymətləri bir qallon üçün 4,5–5 dollar təşkil edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelaya zərbə endirib. Partlayışlar ölkənin paytaxtı Karakasda və Fort-Tiuna hərbi bazasında baş verib. Hücumlardan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ hərbçilərinin Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşını ələ keçirdiyini bəyan edib. Ağ Evin rəhbəri vurğulayıb ki, Maduro artıq prezident deyil və hakimiyyətin ötürülməsinə qədər Venesuelanın idarəçiliyini ABŞ öz üzərinə götürür.