Trampdan "One Rule" qərarı: yeni fərman nəyə hesablanıb?
Dünya
ABŞ Prezidenti Donald Tramp bu həftə ölkə üzrə süni intellekt üçün vahid milli qayda yaratmağı nəzərdə tutan bir icra fərmanı imzalayacaq.
News24.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
“Əgər süni intellektdə liderliyimizi davam etdirmək istəyiriksə, yalnız bir qaydalar kitabı olmalıdır… Bu həftə “ONE RULE” icra fərmanını imzalayıram. Bir şirkətdən hər dəfə nəsə etmək üçün 50 təsdiq almasını gözləmək olmaz”, – Ağ Ev rəhbəri bildirib.
“ChatGPT”nin yaradıcısı “OpenAI”, “Google”un sahibi “Alphabet”, “Meta Platforms” və “Andreessen Horowitz” kimi iri şirkətlər parçalanmış 50 ştat qanunu əvəzinə vahid milli standartın tətbiqini dəstəkləyir. Onların fikrincə, müxtəlif qanunlar innovasiyanı boğur və ABŞ-ni süni intellekt inkişafında Çinin gerisində qoya bilər.
Tramp ötən ay Konqresi müdafiə qanununa ştatların süni intellekt qanunlarını bloklayan maddə əlavə etməyə çağırıb, lakin həm Respublikaçılar, həm də Demokratlar bu ideyaya qarşı çıxıblar.