Turistlər üçün sürpriz: dünyaca məşhur abidəyə yaxınlaşmaq artıq pulludur
Dünya
Fevralın 2-dən etibarən Romada yerləşən Trevi fontanını ziyarət etmək ödənişli olub. Artıq bu memarlıq incisinə yaxınlaşmaq üçün 2 avro ödəmək lazımdır. İstisna olaraq Roma sakinləri, əlilliyi olan şəxslər və onların müşayiətçiləri, eləcə də 6 yaşadək uşaqlar ödənişdən azaddır.
News24.az xəbər verir ki, Roma hakimiyyəti bu addımla həddindən artıq turizmin yaratdığı sıxlığı azaltmağı hədəfləyir. Şəhər administrasiyasının açıqlamasına görə, yeni qayda Trevi fontanının və İtaliya paytaxtındakı digər tarixi abidələrin qorunması üçün 6 milyon avrodan çox vəsait toplamağa imkan verəcək.
Qeyd edək ki, inşası 30 il çəkən və 1762-ci ildə tamamlanan Trevi fontanını təkcə 2025-ci ildə təxminən 10 milyon insan ziyarət edib.
Son illər İtaliyada digər tarixi məkanların da ziyarəti ödənişli olub. Bunlara Romadakı Panteon, Veronadakı “Cülyettanın həyəti”, eləcə də turizm mövsümünün pik dövrlərində bütün Venesiya daxildir.