Turistləri məyus edən qərar: Paris tədbirləri niyə ləğv edir?

Turistləri məyus edən qərar: Paris tədbirləri niyə ləğv edir? Dünya

Bu il Parisin “Yelisey çölləri” prospektində ənənəvi Yeni il konserti keçirilməyəcək.

News24.az “Franceinfo”ya istinadla xəbər verir ki, bu barədə şəhər rəsmiləri məlumat verib.

Tədbir təhlükəsizlik səbəbilə ləğv edilib. Belə ki, rəsmilər böyük insan kütləsinin toplaşması ilə bağlı təhlükəsizlik risklərini əsas gətiriblər.

Məlumata görə, Paris Polis Prefekturası şəhər meriyasına müraciət edərək kütləvi axının qarşısını almaq üçün musiqi tədbirindən imtina edilməsini istəyib. Mer Anne Hidalqo da bu tələbi qəbul edib.

“Ötən il “Yelisey çölləri” prospektində Yeni il gecəsinin cəmi iki saatı ərzində Olimpiada vaxtının üç həftəsindən daha çox təhlükəli vəziyyət qeydə alınıb”, – Polisin açıqlamasında bildirilir.

Qeyd edək ki, əvvəlki illərdə də konsertlər təhlükəsizlik qurumlarında ciddi narahatlıq yaradıb. Yeni İl gecəsi prospekt və ətraf küçələrdə ənənəvi olaraq bir milyona yaxın insan toplaşır. 2025-ci il tədbiri üçün Paris və ətrafında 6 min polis və jandarm səfərbər edilib, prospektə giriş üçün üç məcburi nəzarət məntəqəsi qurulub.

Bununla belə, parislilər və şəhərin qonaqları üçün bir xoş xəbər də var: atəşfəşanlıq ləğv olunmur. “France 2” kanalında isə bayram gecəsi konsert proqramı yayımlanacaq.