Türkiyə İsrail prezidentinin təyyarəsinə qadağa qoydu

Türkiyə İsrail prezidentinin təyyarəsinə qadağa qoydu Dünya

Türkiyə Astanaya uçan İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinə öz hava məkanından keçmək üçün icazə verməyib.

News24.az xəbər verir ki, bu barədə mülki aviasiya üzrə “HavasosyalMedya” portalı məlumat yayıb.

Bildirilib ki, Ankaranın imtinası səbəbindən təyyarənin marşrutu dəyişdirilib və uçuş Avropa və Rusiya hava məkanından həyata keçirilib.

Qeyd olunub ki, standart marşrut üzrə uçuş Türkiyə, Ermənistan və Azərbaycan üzərindən keçə bilərdi və bu, uçuş müddətini xeyli qısalda bilərdi. Marşrutun dəyişdirilməsi nəticəsində Təl-Əvivdən Qazaxıstanın paytaxtına uçuş təxminən 8 saat çəkib.

Məlumatda həmçinin bildirilib ki, Türkiyə hava məkanı silah daşıyan təyyarələr və İsrailin rəsmi nümayəndə heyətləri üçün bağlıdır. Lakin üçüncü ölkələrin mülki reysləri üçün açıqdır və İsrail aviaşirkətləri tranzit uçuşlar üçün bu məkanından istifadə edə bilir.

Qeyd edək ki, Türkiyə Qəzzada hərbi əməliyyatların başlamasından sonra İsraillə diplomatik münasibətləri dayandırıb. Hazırda iki ölkə arasında əlaqələr yalnız zəruri hallarda xüsusi xidmət orqanları vasitəsilə həyata keçirilir.