Türkiyə Suriyanın təklifini qəbul etdi
Dünya
Türkiyə Suriya hökumətinin dəvəti əsasında Suriyada qalan kimyəvi silah qalıqlarının məhv edilməsi üçün yaradılan beynəlxalq işçi qrupuna qoşulub.
News24.az xəbər verir ki, bu mexanizm Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı çərçivəsində formalaşdırılıb və qərar 2025-ci ilin oktyabrında təşkilatın İcra Şurası tərəfindən qəbul edilib.
Məqsəd keçmiş rejimdən qalan kimyəvi silah ehtiyatlarının təhlükəsiz şəkildə aşkar edilməsi, toplanması və məhv edilməsidir.
“Azadlıq Nəfəsi” adlı işçi qrup Nyu-Yorkda keçirilən mərasimlə fəaliyyətə başlayıb. Mexanizmə Türkiyə ilə yanaşı Qətər, ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və Kanada da daxildir.
Rəsmi məlumatlara əsasən, qrupun fəaliyyəti çərçivəsində sahədə çalışan Suriya komandalarına texniki və logistik dəstək veriləcək, həmçinin təhlükəsizlik təlimləri təşkil olunacaq.