Türkiyədə növbəti dəfə naməlum dron tapıldı

Türkiyədə növbəti dəfə naməlum dron tapıldı Dünya

Türkiyədə yenidən naməlum pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Türkiyə mətbuatının yazdığına görə, tapılan dronun Rusiyaya aid ola biləcəyi ehtimal edilir.

News24.az xəbər verir ki, pilotsuz aparat boş ərazidə tapılıb, partlamayıb və hər hansı dağıntıya səbəb olmayıb. Bildirilir ki, dron ekspertiza üçün Ankaraya göndəriləcək.

Media orqanlarının məlumatına görə, söhbət uzaqməsafəli müşahidə üçün nəzərdə tutulan Rusiya istehsalı olan “Merlin-VR” kəşfiyyat pilotsuz uçuş aparatından gedə bilər. Bu, Rusiyanın ən bahalı kəşfiyyat dronlarından biri hesab olunur və dəyərinin 300 min ABŞ dollarını keçdiyi bildirilir. Lakin pilotsuz aparatın mənşəyi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, dekabrın 19-da Türkiyənin başqa bir bölgəsində üzərində Rusiya hərbi tanınma nişanları olan “Orlan” tipli kəşfiyyat dronunun qalıqları tapılıb. Bundan əvvəl, dekabrın 15-də isə Türkiyə hərbçiləri Qara dəniz üzərində ölkənin hava məkanına yaxınlaşmağa cəhd edən naməlum pilotsuz uçuş aparatını vurub.