Türkiyənin bu ərazisi ilə bağlı gözlənilməz xəbər: Mütəxəssis xəbərdarlıq etdi
Dünya
Çanaqqala sahillərində şənbə axşamı 4 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu təkanın ardından 30-dan çox mikro zəlzələ qeydə alınıb və seysmik aktivlik gecə də davam edib. Səhərə yaxın bölgədə 3,5 maqnitudalı daha bir zəlzələ baş verib. AFAD-ın məlumatına görə, bu təkanlar nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.
Mütəxəssis Prof. Dr. Süleyman Pampal qeyd edib ki, Çanaqqala Şimali Anadolu Qırılma Zonasının həm şimal, həm də cənub qollarının qərb uclarına yaxın yerləşdiyi üçün təbii olaraq aktiv seysmik bölgədir. Onun sözlərinə görə, bölgədə tez-tez hiss edilən bu cür təkanlar normal sayılsa da, yaxın ərazilərdə riskin yüksək olduğu da nəzərdən qaçmamalıdır.
Pampal tarixi zəlzələləri də xatırladıb: “1944-cü il Edremit (6,7 maqnitudalı), 1953-cü il Yenice (7 maqnitudalı), 1970-ci il Gönən (6,8 maqnitudalı) və 1912-ci il Mürefte zəlzələləri bölgənin keçmişdə də güclü təkanlarla üzləşdiyini göstərir”.
Mütəxəssis bildirib ki, ardıcıl zəlzələlər seysmik oyanıqlığın artdığını göstərir və bölgə sakinlərinin diqqətli olması vacibdir.