Üçtərəfli görüş təxirə salındı: Zelenski yeni tarixi açıqladı

Üçtərəfli görüş təxirə salındı: Zelenski yeni tarixi açıqladı Dünya

Moskva, Vaşinqton və Kiyevin iştirakı ilə planlaşdırılan üçtərəfli görüş mart ayının əvvəlinə təxirə salınıb.

News24.az xəbər verir ki, görüşün keçiriləcəyi məkan hazırda razılaşdırılır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün keçirdiyi mətbuat konfransında belə bir görüşün Cenevrədə baş tutacaq hazırlıq xarakterli ikitərəfli danışıqlardan 7-10 gün sonra keçiriləcəyini gözlədiyini bildirib. Bu isə görüşün ən tez halda mart ayında baş tutacağı anlamına gəlir.

Məlumata görə, Ukrayna-ABŞ-Rusiya formatında nəzərdə tutulan görüşdə əsirlərin mübadiləsi, humanitar məsələlər və təhlükəsizlik mövzuları, o cümlədən Zaporojye AES ətrafındakı vəziyyət müzakirə olunmalıdır.

Bununla yanaşı, mümkün atəşkəsin parametrləri, təhlükəsizlik zəmanətləri və danışıqların gələcək “yol xəritəsi”nin hazırlanması da gündəmdədir. Ayrı-ayrılıqda Ukraynanın iqtisadi dəstəyi və bərpası məsələlərinin də müzakirəsi planlaşdırılır.

Son məlumata əsasən, Prezident Zelenski ABŞ prezidenti Donald Tramp, həmçinin Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığının nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndələrinin ABŞ tərəfi ilə keçirəcəyi ikitərəfli görüşdə müzakirə olunacaq məsələlər və martın əvvəlində üçtərəfli formatda planlaşdırılan görüşə hazırlıq əsas mövzu olub.

Zelenski ümid etdiyini bildirib ki, bu proses liderlər səviyyəsində danışıqlar üçün tramplin rolunu oynayacaq. (UNİAN)