"Üçtərəfli razılaşmalar nəqliyyat problemlərini həll edə bilər"
Dünya
Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanmış üçtərəfli razılaşmalar Cənubi Qafqazda nəqliyyat problemlərinin həlli üçün imkanlar yaradır.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşü zamanı bildirib.
Lavrov qeyd edib ki, regionda vəziyyətin mürəkkəbləşdiyi müşahidə olunur:
“2020–2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən razılaşdırılmış qərarlar, bizim qənaətimizə görə, hələ də regionda bütün iqtisadi, nəqliyyat və logistika məsələlərinin həlli baxımından актуallığını qoruyur”.
Onun sözlərinə görə, bu qərarların icrası ilk növbədə, Ermənistan üçün faydalı olacaq və regionun normal fəaliyyətinə mane olan bütün əngəllər aradan qaldırılmalıdır.
Rusiya XİN rəhbəri əlavə edib ki, üç ölkənin baş nazir müavinləri liderlər səviyyəsində razılaşdırılmış qərarlar əsasında mütəmadi olaraq əlaqə saxlayırlar.
Xatırladaq ki, regionda nəqliyyat əlaqələrinin bərpası ilə bağlı üçtərəfli işçi qrupunun sonuncu görüşü 2023-cü ilin iyun ayında Moskvada keçirilib. Görüş Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinləri Mger Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə baş tutub. / Sputnik Ermənistan