Uitkoff Moskvaya "sülh" aparır, Ağ Ev isə narahatdır: Rusiya planı qəbul edəcəkmi?
Dünya
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva səfərinə yola düşəcək və ABŞ-nin sülh planını Rusiya tərəfinə təqdim edəcək.
News24.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.
O bildirib ki, razılaşma üzrə cəmi bir neçə fikir ayrılığı qalıb və sənəd hər iki tərəflə aparılan danışıqlar nəticəsində yenilənib.
“Bu sülh planı üzərində işi tamamlamaq ümidi ilə mən xüsusi elçim Stiv Uitkoffa Moskvada Prezident Putinlə görüşməyi tapşırdım. Paralel olaraq ABŞ Ordusu naziri Den Driskoll da Ukrayna tərəfi ilə görüşəcək.
Mən həm prezident Zelenski, həm də prezident Putinlə görüşü səbirsizliklə gözləyirəm, lakin bu yalnız o halda baş tutacaq ki, müharibəni dayandıracaq razılaşma ya tam hazır olsun, ya da son mərhələyə keçmiş olsun”, – Tramp qeyd edib.
Bununla yanaşı, Ağ Evdə Ukrayna ilə bağlı ABŞ-nin yenilənmiş sülh planının Rusiya Prezidenti Vladimir Putin tərəfindən rədd edilə biləcəyi ilə bağlı narahatlıq artır.
“The New York Times”ın bildirdiyinə görə, hazırda Putinin Cenevrədə yenilənmiş plana müsbət cavab verəcəyinə dair heç bir siqnal yoxdur. Hətta Tramp administrasiyasındakı bəzi rəsmilər Kremlin bu təklifi elə ilk mərhələdə rədd edəcəyini düşünür.
Məlumata görə, 28 maddəlik ilkin sənəddən bir sıra vacib bəndlər çıxarılıb: Ukrayna Silahlı Qüvvələrinin say məhdudiyyəti, Ukraynanın NATO-ya daxil olmaq qadağası və Rusiya–ABŞ münasibətlərinə dair maddələr artıq planda yer almır. Əvəzində Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatlar gücləndirilib, ərazi məsələlərinin isə ayrıca müzakirə olunacağı bildirilib.
ABŞ rəsmilərinə görə, məhz bu dəyişikliklər Rusiyanın planı qəbul etməməsinə səbəb ola bilər.