Ukrayna üzrə danışıqlar artıq son mərhələdədir
Dünya
Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar hazırda son mərhələdədir.
News24.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff açıqlama verib.
“Mən hesab edirəm ki, biz ciddi irəliləyiş əldə etmişik. Düşünürəm ki, bu prosesin əvvəlində müəyyən qarışıqlıq var idi. Mən Moskvaya kifayət qədər tez-tez səfər edirdim, bunu vacib sayırdım, çünki indi artıq son mərhələdəyik və açığı, mən nikbin əhvaldayam”, - deyə o bildirib.
Uitkoff yanvarın 22-də Moskvaya uçacağını və orada Rusiya prezidenti Vladimir Putin ilə danışıqlar aparacağını təsdiqləyib. O, daha sonra isə Əbu-Dabiyə yollanacağını və burada Ukrayna üzrə nizamlanma məsələsi işçi qrupları səviyyəsində müzakirə olunacağını söyləyib.
Qeyd edək ki, 2 dekabr 2025-ci il tarixində Rusiya prezidenti Vladimir Putin Kremldə Stiv Uitkoffu və Cared Kuşneri qəbul edib. ABŞ nümayəndələrinin Rusiyaya səfəri Ukrayna üzrə ABŞ-nin sülh planının müzakirəsi prosesi ilə bağlı olub. Putinin bildirdiyinə görə, Amerika tərəfi 27 maddəni dörd paketə bölüb və onların ayrı-ayrılıqda müzakirəsini təklif edib.