Ukraynanın Aİ planında şok maneə: iki ölkə prosesi niyə dayandırır?

Ukraynanın Aİ planında şok maneə: iki ölkə prosesi niyə dayandırır? Dünya

Ukrayna Avropa İttifaqına üzvlük üzrə bütün altı danışıqlar klasterinin iyunun sonunadək – Avropa İttifaqı Şurasında Kiprin sədrliyinin başa çatmasına qədər – açılmasına çalışır, lakin iki ölkə buna qarşı çıxır.

News24.az xəbər verir ki, bu barədə diplomatik dairələrdəki mənbələrə istinadən “Radio Svoboda” məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Aİ daxilində “Əsaslar” adlı birinci, fundamental klasterin iyunun sonunadək açılmasına dəstək verilir. Bununla belə, iki dövlət digər beş klasterin açılmasının təxirə salınmasını təklif edir.

Məlumata əsasən, Ukraynanın tələb etdiyi müddətin uzadılmasını təklif edən ölkələr Polşa və Fransadır.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın Aİ-yə üzvlük üzrə danışıqlar prosesini Macarıstan bloklamışdı. Apreldə Macarıstanda parlament seçkiləri keçirilib və baş nazir Viktor Orbanın partiyası məğlub olub. Yeni Baş nazir Peter Madyar Macarıstanın mövqeyini dəyişsə də, Ukraynanın sürətli üzvlüyünü real hesab etmir.

11 mayda Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, Aİ iyunun sonunadək Ukrayna ilə ilk danışıqlar klasterini aça bilər, növbəti mərhələlər isə artıq iyulda baş tuta bilər.