Ukraynanın silahlanmasına milyardlarla avro vəsait ayrıldı

Ukraynanın silahlanmasına milyardlarla avro vəsait ayrıldı Dünya

Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditin detallarını təsdiqləyib. Bu təşəbbüs Aİ liderləri tərəfindən dekabr ayında razılaşdırılıb və Kiyevin 2026–2027-ci illərdə maliyyə ehtiyaclarının böyük hissəsini qarşılamaq, həmçinin Rusiyanın işğalına qarşı mübarizəni davam etdirmək məqsədi daşıyır.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Razılaşma Brüsseldə qapalı iclasda əldə olunub. Razılaşmanın mətni hələlik açıqlanmayıb, lakin Aİ Şurası bəyan edib ki, vəsaitin üçdə ikisi hərbi yardıma, üçdə biri isə ümumi büdcə dəstəyinə yönəldiləcək.

Hərbi yardım çərçivəsində razılaşmaya əsasən, Kiyev kredit vəsaitini əsasən Ukraynadan və ya Avropa İttifaqından silah almaq üçün istifadə etməlidir.

Razılaşmanın qüvvəyə minməsi üçün Avropa Parlamentinin də təsdiqi tələb olunur.

Qeyd edək ki, Aİ liderləri dekabr ayında krediti Aİ-nin öz borclanması hesabına maliyyələşdirmək barədə razılığa gəlib və blokda dondurulmuş Rusiya aktivlərindən istifadə planından imtina ediblər.