Varlılara əlavə vergi tətbiq olunacaq - Bu şəhərdə

Varlılara əlavə vergi tətbiq olunacaq - Bu şəhərdə Dünya

ABŞ-nin Nyu-York şəhərində yüksək gəlirli şəxslərə məxsus daşınmaz əmlakla bağlı yeni vergi tənzimləməsi qəbul edilib.

News24.az xəbər verir ki, şəhər meri Zohran Mamdani seçkiqabağı vədlərindən birini reallaşdıraraq, bazar dəyəri 5 milyon dollardan yuxarı olan və sahibi tərəfindən əsas yaşayış yeri kimi istifadə edilməyən ikinci mənzillərə əlavə vergi tətbiq olunacağını açıqlayıb. Bu addım əsasən, şəhərdə daimi yaşamayan, lakin burada lüks əmlaka sahib olan qeyri-rezidentləri hədəf alır.

Nyu-York ştatının qubernatoru Keti Hoçul sözügedən təşəbbüsü dəstəkləyərək bildirib ki, bu qərar vergi ədalətinin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, şəhərin təqdim etdiyi geniş imkanlardan və infrastrukturdan yararlanan hər bir şəxs ictimai xərclərin maliyyələşdirilməsinə adekvat töhfə verməlidir. Yeni tətbiq ediləcək vergi rejiminin şəhər büdcəsinə hər il yüz milyonlarla dollar əlavə vəsait qazandıracağı və bu gəlirin büdcə kəsirinin azaldılmasına yönəldiləcəyi gözlənilir.

Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp qərarı tənqid edərək, bu cür vergi siyasətinin iqtisadi aktivliyə mənfi təsir göstərə biləcəyini və investisiya mühitinə zərər vuracağını qeyd edib.