"Yaxın Şərqdəki müharibə daha ağır fəlakətə səbəb ola bilər"
Dünya
İspaniyanın Baş naziri Pedro Sançes Yaxın Şərqdə davam edən müharibənin 2003-cü ildə baş vermiş İraq müharibəsi ilə müqayisədə daha ağır nəticələr doğura biləcəyini bildirib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə çıxış edən Pedro Sançes regionun daha geniş və dərin nəticələrə səbəb ola biləcək böyük bir fəlakətlə üz-üzə olduğunu deyib. Onun sözlərinə görə, İraq müharibəsi təxminən, 300 min insanın ölümünə və 5 milyondan çox insanın qaçqın düşməsinə səbəb olmuşdu.
Baş nazir bildirib ki, mövcud vəziyyət xüsusilə İran amilinə görə daha təhlükəlidir. O vurğulayıb ki, İran son 40 ildə belə bir müharibəyə hazırlaşan güclü hərbi aktora çevrilib. Sançesin sözlərinə görə, İranın əhalisi İraqdan iki dəfə çoxdur və qlobal iqtisadiyyata təsiri beş dəfə güclüdür.
O əlavə edib ki, İranın qoşun sayı Almaniya, Fransa və İtaliya ordularının cəmindən çoxdur. Eyni zamanda, ölkə 4 min kilometr məsafəyə çata bilən ballistik raketlərlə Hörmüz boğazı üzərində nəzarəti təmin edə bilər.
Pedro Sançes həmçinin bildirib ki, İspaniya Moron Hərbi Bazası və Rota Dəniz Bazası hərbi bazalarından ABŞ və İsrail tərəfindən İrana qarşı hücumlar üçün istifadə olunmasına icazə verməyib.
Baş nazir qeyd edib ki, bu qərar Vaşinqtonun ticarət əlaqələrini kəsmək hədələrinə baxmayaraq qəbul olunub. Onun sözlərinə görə, hücumlar ABŞ ilə İran arasında danışıqlar davam etdiyi vaxt baş verib və ABŞ prezidenti Donald Tramp razılaşma imkanını rədd etdikdən cəmi iki gün sonra bombardman əməliyyatlarına başlanılıb.
Nilufər