Yer təhlükəli həddə yaxınlaşır: Alimlərdən yeni xəbərdarlıq
Dünya
Alimlər qlobal istiləşmənin son illərdə əhəmiyyətli dərəcədə sürətləndiyini göstərən ilk ciddi sübutları əldə ediblər.
News24.az xəbər verir ki, Potsdam İqlim Dəyişikliklərinin Təsirinin Tədqiqi İnstitutunun (PIK) apardığı və "Geophysical Research Letters" jurnalında dərc olunan araşdırmaya görə, 2015-ci ildən sonra Yer kürəsində orta temperaturun artım tempi əvvəlki onilliklərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib.
Tədqiqatın nəticələrinə əsasən, son 10 ildə planetdə orta temperatur təxminən 0,35 dərəcə Selsi artıb. Müqayisə üçün qeyd olunur ki, 1970–2015-ci illərdə bu göstərici hər onillikdə 0,2 dərəcədən az olub.
Araşdırma müəllifləri bildiriblər ki, təhlil zamanı temperatur göstəricilərinə müvəqqəti təsir edən "El Ninyo", vulkan püskürmələri və Günəş aktivliyindəki dəyişikliklər kimi təbii amillər nəzərə alınmayıb. Bu yanaşma uzunmüddətli iqlim meylini daha dəqiq müəyyən etməyə imkan verib.
Tədqiqat üçün NASA, NOAA, "HadCRUT", "Berkeley Earth" və ERA5 olmaqla dünyanın beş ən böyük temperatur müşahidə bazasının məlumatlarından istifadə edilib. Onların hamısı qlobal istiləşmənin sürətləndiyini müstəqil şəkildə təsdiqləyib.
Araşdırmanın aparıcı müəllifi Stefan Ramstorfun sözlərinə görə, nəticələrin statistik etibarlılığı 98 faizdən çoxdur. Bu isə müəyyən edilən tendensiyanın təsadüfi olma ehtimalının son dərəcə aşağı olduğunu göstərir.
Qeyd olunub ki, təbii amillərin təsiri çıxarıldıqdan sonra belə, 2023 və 2024-cü illər müşahidələr tarixinin ən isti illəri olaraq qalır.
Alimlər hesab edirlər ki, hazırkı istiləşmə tempi davam edərsə, Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcə Selsi həddi artıq 2030-cu ilə qədər uzunmüddətli şəkildə keçilə bilər.
Tədqiqatçılar vurğulayıblar ki, gələcək inkişaf əsasən bəşəriyyətin qalıq yanacaqlardan istifadə nəticəsində yaranan karbon emissiyalarını nə dərəcədə sürətlə azalda bilməsindən asılı olacaq.