Zelenski 9 Mayla bağlı atəşkəsin detallarını Trampdan öyrənmək istədi
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski öz nümayəndələrinə ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlamağı və Rusiya tərəfindən irəli sürülən Qələbə Günü ilə bağlı atəşkəs təklifinin detallarını öyrənməyi tapşırıb.
News24.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.
“Bizim nümayəndələrə ABŞ Prezidentinin komandası ilə əlaqə qurmağı və Rusiya tərəfinin Qələbə Günü ilə bağlı qısa müddətli atəşkəs təklifi barədə detalları aydınlaşdırmağı tapşırdım. Ukrayna sülh istəyir və bu müharibənin real şəkildə başa çatması üçün lazım olan diplomatik iş aparır. Aydınlaşdıracağıq ki, söhbət nədən gedir. Yalnız Moskvadakı parad üçün bir neçə saatlıq təhlükəsizlikdən, yoxsa daha geniş bir məsələdən”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna uzunmüddətli atəşkəs, insanların təhlükəsizliyinə etibarlı təminat və davamlı sülh təklif edir. Zelenski həmçinin vurğulayıb ki, Ukrayna bu istiqamətdə hər cür layiqli və effektiv formatda işləməyə hazırdır.
Qeyd edək ki, 29 aprel tarixində Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin söhbət zamanı Trampa Qələbə Günü üçün atəşkəs elan etməyə hazır olduğunu deyib və ABŞ Prezidenti bu təşəbbüsü dəstəkləyib. Daha sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov atəşkəsin müddətinin bir qədər sonra açıqlanacağını bildirib.