Zelenski “Şahed”lərə qarşı yeni planı açıqladı
Dünya
Ukrayna “Şahed” dronlarına qarşı hava hücumundan müdafiəni gücləndirəcək. Rusiya dronlarına qarşı daha çox müdafiə xətti yaradılacaq.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiə sisteminin bu komponentinə xüsusi cavabdeh olacaq ayrı bir komandanlıq yaradılacaq, eyni zamanda idarəetmədə yeni yanaşmalar tətbiq ediləcək. Müdafiə xəttlərinin və mərhələlərinin sayı artırılacaq.
Prioritet istiqamətlər sırasında Xerson, Nikopol və Sumı vilayətinin sərhədyanı icmaları var. Bu ərazilər dron hücumlarına mütəmadi məruz qalır.
Zelenski, həmçinin, bildirib ki, cümə gecəsindən etibarən Ukraynanın demək olar ki, bütün vilayətlərində enerji obyektlərinə zərbələr qeydə alınmayıb.
“Demək olar ki, heç yerdə olmayıb. Yalnız Donetsk vilayətində qaz infrastrukturuna bir zərbə endirilib”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, Rusiya zərbələrinin istiqamətini dəyişərək logistika obyektlərinə və qovşaq stansiyalarına fokuslanıb.