Zelenski əsas posta hərbi kəşfiyyatçını gətirdi

Zelenski əsas posta hərbi kəşfiyyatçını gətirdi Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Kirill Budanovu Prezident Administrasiyasının rəhbəri təyin edib.

News24.az xəbər verir ki, 39 yaşlı Budanov Zelenskinin uzun illərdir yaxın silahdaşı olan Andrey Yermakı əvəzləyib. Yermak noyabr ayında korrupsiya qalmaqalı fonunda istefa verib.

“Kirillin bu sahələrdə ixtisaslaşmış təcrübəsi və nəticə əldə etmək üçün kifayət qədər gücü var”, – deyə Zelenski bildirib.

Budanov isə açıqlamasında təklifi qəbul etdiyini və fəaliyyətini dövlətimizin strateji təhlükəsizliyinə yönəldəcəyini vurğulayıb.

Qeyd edək ki, Kirill Budanov 2020-ci ildən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (GUR) rəhbərlik edib. O, həmçinin Rusiya ilə əsir mübadiləsi üzrə danışıqların rəhbəri olub.

Budanov mediada tez-tez çıxış edir, təmkinli üslubu və Rusiyanın daxilində həyata keçirildiyi ehtimal olunan əməliyyatlarla bağlı üstüörtülü açıqlamaları ilə tanınır. O, 2023-cü ildə Reuters-ə verdiyi müsahibədə ictimai görünürlüğünü Moskva ilə “informasiya müharibəsinin” vacib hissəsi adlandırmışdı.

Bir neçə sui-qəsd cəhdindən sağ çıxan Budanov karyerasına xüsusi təyinatlı kimi başlayıb. Rusiya Krımı qanunsuz ilhaq etdikdən sonra Ukraynanın şərqində xidmət edib və üç dəfə yaralanıb.

Kirill Budanovun yerinə isə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko təyin edilib.