"Zelenski ilə üçüncü bir ölkədə görüşə bilərik" – Putin
Dünya
Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli ilə bağlı yekun razılaşmalar əldə edildikdən sonra Volodimir Zelenski ilə üçüncü bir ölkədə görüşməyin mümkün olduğunu bildirib.
News24.az xəbər verir ki, Putin müzakirənin danışıqlara deyil, razılaşmaların imzalanmasına yönəlməli olduğunu söyləyib.
Putin Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazır olduğunu və yalnız razılaşma imzalamaq üçün görüşə hazır olduğunu bildirib.
Putin bildirib ki, Rusiya Müdafiə Nazirliyi hələlik 9 may paradında Ukrayna tərəfindən heç bir təxribat barədə məlumat verməyib. O, indi işə qayıdacağını və ordudan hesabat alacağını vurğulayıb.
Putin o cümlədən vurğulayıb ki, Moskvada keçirilən 9 may Paradı Kiyevdən gələn təhdidlərə görə deyil, ordu düşmənin axıradək məğlubiyyətinə diqqət yetirməli olduğu üçün texnikasız keçirilib. O, bu qərarların Ukraynadan gələn təhdidlərdən çox əvvəl verildiyini əlavə edib.
Vladimir Putin bildirib ki, Kiyevin təhdidlərindən sonra Rusiya Müdafiə Nazirliyindən xəbərdarlıq və Rusiya Xarici İşlər Nazirliyinin notası ilə kifayətlənməyib, əsas tərəfdaşları - Çin, Hindistan və ABŞ ilə işləməyə başlayıb.
Putin eyni zamanda qeyd edib ki, Rusiya xarici tərəfdaşlarını Kiyevə qarşı cavab raket zərbəsinin mümkün nəticələri barədə xəbərdar edib.
Onun sözlərinə görə, Moskva, xüsusən də Vaşinqtondan Ukrayna paytaxtındakı diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi xahiş edib. Putin məhz buradan Trampın üç günlük atəşkəs təşəbbüsünün yarandığı söyləyib.
Vladimir Putin deyib ki, 5 mayda Rusiya Ukraynaya mübadilə təklifi təqdim edib və 500 ukraynalı əsirdən ibarət siyahı göndərib. "Kiyev belə bir mübadiləyə hazır olmadığını bildirib", - Putin deyib.
Rusiya prezidenti əlavə edib ki, Moskva hazırda Ukrayna tərəfinin 1000-ə qarşılıq 1000 formatında mübadiləyə razı olacağına ümid edir, lakin Kiyevdən hələlik heç bir təklif daxil olmayıb. (APA)