Zelenski: "Seçki istəyirlər, yoxsa məni dəyişmək?”
Dünya
“Məncə, tərəfdaşlarımız bir suala cavab verməlidirlər: Onlar nə istəyirlər? Həqiqətən seçkilər istəyirlər, yoxsa sadəcə məni dəyişmək istəyirlər?”
News24.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə deyib.
O, həmçinin qeyd edib ki, Ukraynada seçkilər və mümkün sülh razılaşmasının təsdiqi üçün referendum yalnız iki ay müddətində davamlı atəşkəs təmin olunacağı təqdirdə keçirilə bilər. Siyasətçi söz verib ki, bu şərt yerinə yetirilərsə, o, Ukrayna parlamenti ilə danışmaq və hazırda dəstəklənməyən məsələlər üzrə razılıq əldə etmək üçün əlindən gələni edəcək.
Bununla əlaqədar Zelenski ABŞ-ni “öz ev tapşırığını yerinə yetirməyə” və Rusiyanı belə bir atəşkəsə razı salmağa çağırıb.
Həmin müsahibədə Zelenski bildirib ki, hətta o vəzifədən uzaqlaşdırılsa belə, Ukrayna sabitliyini qoruyacaq, çünki bu, bir nəfərə deyil, institutlar sisteminə əsaslanır. O etiraf edib ki, təhlükəsizlik xidmətləri ona qarşı bir neçə sui-qəsd cəhdi barədə məlumat veriblər.