Zelenski-Tramp görüşü necə keçdi? – Ziddiyyətli açıqlamalar

Zelenski-Tramp görüşü necə keçdi? – Ziddiyyətli açıqlamalar Dünya

Zelenskinin ABŞ Prezidenti Donald Trampla apardığı danışıqlar heç bir nəticə verməyib.

News24.az xəbər verir ki, “Financial Times” nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Trampla nə müharibədən sonrakı Ukraynanın bərpası, nə də təhlükəsizlik zəmanətləri ilə bağlı razılıq əldə edə bilib.

Bildirilir ki, Zelenskinin imzalamağı planlaşdırdığı sənədlər əvvəlcədən amerikalı rəsmilərlə razılaşdırılsa da, yekunda təsdiqlənməyib.

Qəzet yazır ki, Zelenski Trampla görüş zamanı Ukraynaya əlavə dəstək öhdəlikləri almağa çalışıb. Lakin görüşdən sonra Donald Tramp Davosu heç bir razılaşma olmadan tərk edib.

Eyni zamanda “Axios” nəşri bu görüşün iki prezident arasında baş tutan ən yaxşı görüşlərdən biri olduğunu yazır və Trampın görüş zamanı əhvalının yaxşı olduğunu qeyd edir.

Donald Tramp görüşü “çox yaxşı” adlandıraraq, “hamı müharibənin bitməsini istəyir” deyə vurğulayıb.

Volodimir Zelenski isə danışıqları məhsuldar hesab etdiyini deyib.

Bununla yanaşı, Tramp yaxın vaxtlarda ABŞ nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini açıqlayıb. Zelenski isə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların planlaşdırıldığını bəyan edib.