Zelenskidən Vaşinqtona çağırış: "İndi söz ABŞ-nindir"
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son hücumlarına münasibət bildirərək ABŞ-dan açıq reaksiya gözlədiklərini açıqlayıb.
News24.az xəbər verir ki, Zelenski bu barədə ənənəvi axşam videomüraciətində danışıb.
O bildirib ki, enerji obyektlərinə zərbələrin dayandırılması təşəbbüsü məhz ABŞ tərəfindən irəli sürülüb:
“Bu, diplomatiya dövründə və belə soyuq qış şəraitində enerji infrastrukturlarına zərbələrin dayandırılması ilə bağlı Amerikanın təklifi idi. Bu xahiş birbaşa ABŞ Prezidentindən gəlmişdi. Rusiyadan xahiş edilən bir həftə tamamlanmadan, cəmi dörd gün belə keçmədən bu baş verdi. Bu isə Rusiyanın verdiyi və ya verə biləcəyi bütün vədlər haqqında hər şeyi deyir. Əgər onların sözü indidən keçərli deyilsə, bundan sonra nə gözləmək olar?”
Zelenski vurğulayıb ki, Rusiya daim yalan danışır və Moskva dəyişməz olaraq qalır:
“Rusiya bu müharibədən əvvəl də yalan danışırdı. Genişmiqyaslı müharibəni də hamını aldatmağa çalışaraq başladı – həm niyyətləri, həm də Ukrayna ilə bağlı. İndi isə, hətta Amerika ilə bu cür razılaşmalarda belə, yenidən rus yalanları var. Moskva islaholunmazdır”.
Ukrayna lideri əlavə edib ki, Rusiya Ukraynanı hərbi hücumlarla ram edə bilmədiyi üçün soyuqdan silah kimi istifadə etməyə çalışır:
“Onlar soyuqdan yararlanmaq istəyirlər, çünki hücumlarla bizi ram edə bilmirlər. Rusiyanın müharibəyə olan bu mərcinə dünya tərəfindən cavab verilməlidir”.