Qadağan olunmuş toy: Ağcabədi bələdiyyə sədrinin bacısı uşaqları evləndi - Yeniləndi
Gündəm
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
News24.az xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
Bələdiyyəsi sədri saytımızın bu barədə sualına cavab verə bilməyib. O, cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib: "Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".
Qeyd edək ki, ötən ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağandır. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə qüvvəyə minib. (unikal.az)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq komitənin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
"Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o qeyd edib.